Bankların cəmi aktivləri 50 milyard manatı keçib

10:05 - 24.10.2024


24 oktyabr, Fineko/abc.az. 30 sentyabr 2024-cü il tarixinə Azərbaycanda fəaliyyət göstərən bankların cəmi aktivləri 50 mlrd. 840.8 mln. manat, cəmi öhdəlikləri 44 mlrd. 550 mln. manat, balans kapitalı 6 mlrd. 290.8 mln. manat olub.

ABC.AZ Mərkəzi Bankına istinadən xəbər verir ki, sentyabr ayında bankların aktivləri və öhdəlikləri müvafiq olaraq 2.6% (1 mlrd. 273.1 mln. manat), 3% (1 mlrd. 294 mln. manat) artıb.

Kredit portfelinin artımı sentyabr ayında da davam edib. Hesabat ayında bankların kredit portfeli 2.4% və ya 630.4 mln. manat artaraq 26 mlrd. 706 mln. manat olub. Kredit portfelinin strukturu: ı) biznes kreditləri – 54% (14 mlrd. 407.9 mln. manat); ıı) istehlak kreditləri – 30.5% (8 mlrd. 152.8 mln. manat) və ııı) ipoteka kreditləri – 15.5% (4 mlrd. 145.3 mln. manat).