"Commerzbank"dan Türkiyə Mərkəzi Bankına xəbərdarlıq: "Inflyasiya proqnozları inamını itirir"

15:58 - 27.08.2026


27 avqust, Fineko/abc.az. Almaniyanın "Commerzbank" investisiya bankı Türkiyə Cümhuriyyət Mərkəzi Bankının (TCMB) inflyasiya proqnozlarını sürekli yuxarıya doğru yeniləməsini kəskin tənqid edib.

Bankın iqtisadçısı Tata Qos  bildirib ki, TCMB-nin addımları bazarı istiqamətləndirmək əvəzinə, reallığı "geridən izləmək" təsiri bağışlayır.

Analitikin sözlərinə görə, özəl sektor iqtisadçılarının inflyasiya gözləntilərini öncədən yenilədiyi bir mühitdə, Mərkəzi Bankın yalnız rüblük hesabatlarda artıma getməsi onun proqnozlaşdırma qabiliyyətinə və nüfuzuna xələl gətirir.

Xatırladaq ki, TCMB avqustun 13-də elan etdiyi son hesabatda ilin sonu üçün inflyasiya proqnozunu 26%-dən 28%-ə qaldırıb.