14:38 - 1.10.2024
1 oktyabr, Fineko/abc.az. Azərbaycanın maliyyə sektorunun keyfiyyətcə yeni inkişaf səviyyəsinə çatdırılması üçün kompleks islahatlar uğurla həyata keçirilir.
ABC.AZ Mərkəzi Bankına istinadən xəbər verir ki, bunu ölkənin əsas Bankının sədri Taleh Kazımov Azərbaycanda mərkəzi bankçılığın yaranmasının 105 illik yubileyi münasibətilə qurum tərəfindən keçirilən tədbirdə deyib.
Tədbirdə çıxış edən T. Kazımov uzun inkişaf yolu keçmiş mərkəzi bankçılığın tarixindən bəhs edərək, müstəqillik əldə etdikdən sonra ölkədə bank-maliyyə sistemində Ulu Öndər Heydər Əliyevin uzaq hədəflərə hesablanmış islahatlarının bu gün də tərəqqiyə mühüm töhfə verdiyini vurğulayıb.
O, Prezident İlham Əliyevin rəhbərliyi altında ölkənin maliyyə sektorunun keyfiyyətcə yeni inkişaf səviyyəsinə çatdırılması üçün kompleks islahatların uğurla həyata keçirildiyini diqqətə çatdırıb. T. Kazımov Bankın bütün əməkdaşlarının həyata keçirilən islahatlarda fəal iştirakını xüsusi qeyd edərək bundan sonra da qarşıya qoyulan məqsədlərin icrasında uğurlar arzu edib.
O, çıxışı zamanı görüşdə iştirak edən və uzun müddət Mərkəzi Bankda çalışmış əməkdaşlara təşkilatın və sektorun inkişafına verdikləri töhfəyə görə təşəkkürünü bildirib.
Qeyd edilir ki, T. Kazımovun rəhbərliyi ilə Bankın kollektivi öncə Fəxri xiyabanda Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edib.
Ziyarət iştirakçıları tərəfindən Ulu Öndərin məzarı üzərinə gül dəstələri qoyulub, xatirəsi hörmətlə yad edilib.
25 Avqust 2026