10:41 - 7.12.2023
7 dekabr, Fineko/abc.az. Pirallahı Sənaye Parkında “Gen Pharma Caucasus Manufacturing Operations” MMC-nin dərman vasitələrinin istehsalı müəssisəsinin təməlqoyma mərasimi keçirilib.
ABC.AZ-ın məlumatına görə, tədbirdə iqtisadiyyat naziri Mikayıl Cabbarov, “Gen Pharma Caucasus Manufacturing Operations” şirkətinin rəhbəri Abidin Gülmüş, eləcə də rəsmi şəxslər iştirak ediblər.
Bildirilib ki, 2023-cü ilin iyulun 31-də Azərbaycan İnvestisiya Şirkəti, Türkiyənin “GEN İlaç ve Sağlık Ürünleri Sanayi ve Ticaret A.Ş” şirkəti və “SİA Pharmaceutical” MMC arasında Pirallahı Sənaye Parkında əczaçılıq zavodunun yaradılması üzrə Tərəfdaşlıq və Birgə İştirak Müqaviləsi imzalanıb. Sənədə əsasən görülən işlər nəticəsində bu gün “Gen Pharma Caucasus Manufacturing Operations” MMC tərəfindən Pirallahı Sənaye Parkının 7.8 hektar ərazisində dərman istehsalı zavodunun təməli qoyulub.
Müəssisədə Türkiyənin qabaqcıl texnologiyalarının tətbiqi ilə yüksək keyfiyyətli 42 adda müxtəlif doza və qablaşdırmada dərman məhsulları istehsal olunacaq. İnşa ediləcək zavodun investisiya dəyəri 59.3 milyon manatdır. Müəssisədə 165 nəfər daimi işlə təmin ediləcək. Zavodun fəaliyyətə başlamasından sonra ölkədə bir sıra əczaçılıq məhsullarına tələbat yerli istehsal hesabına ödəniləcək, idxaldan asılılıq azaldılacaq.
17 Avqust 2026
15 Avqust 2026