Azərbaycanın nar ixracı azala bilər - Açıqlama

17:31 - 13.09.2023


13 sentyabr, Fineko/abc.az. Azərbaycanın nar ixracında əsas bazarı hesab olunan Rusiyada milli valyutasının dəyərdən düşməsi nəticəsində problemlərin yaranacağı gözlənilir.

ABC.AZ xəbər verir ki, bunu  Azərbaycan Nar İstehsalçıları və İxracatçıları Assosiasiyasının (ANİİA) İdarə Heyətinin sədri Fərhad Qaraşov deyib.

Onun sözlərinə görə, Azərbaycan ötən il 31 milyon 564 min ABŞ dolları dəyərində 24 min ton nar ixrac edib:

“İndiyənədək bizim ənənəvi ixrac bazarımız Rusiya və Ukrayna olub. Lakin hazırda Ukrayna bazarını tamamilə itirmişik. Ona görə də yerli ixracatçılar Azərbaycan narlarına böyük tələbat olan Rusiya bazarına fokuslanıb. Lakin Rusiya rublunun dəyərdən düşməsi Azərbaycan məhsullarının bu bazarda ucuzlaşmasına gətirib çıxara bilər”.

Assosiasiya rəhbəri vurğulayıb ki, Rusiya-Ukrayna münaqişəsi zəminində Avropa ölkələrinə nəqliyyat xərcləri çox artıb:

"Bununla yanaşı, Avropaya nar ixrac etmək istəyənlər "Qlobal Gab" sertifikatını əldə etməlidir. Hazırda Azərbaycanda belə şirkətlər mövcuddur. Avropa bazarının tələblərinə uyğun nar yetişdirməyi hədəfləyiriksə, bu halda müvafiq dərman, gübrə və pestisidləri istifadə edilməlidir".