Azərbaycanda bahalaşma 45 faizi keçib - Ekspert həyəcan təbili çalır

11:32 - 19.10.2022


19 oktyabr, Fineko/abc.az. Azərbaycanda rəsmi qurumlar iflyasiyanın 14 faiz, müstəqil ekspertlər isə 25 faiz olduğunu bildirirlər. Bahalaşma isə sürətlə davam edir.

ABC.AZ xəbər verir ki, məsələ ilə bağlı yerli mətbuata açıqlama verən iqtisadçı ekspert Natiq Cəfərli qeyd edib ki, rəsmi rəqəmlərin özü belə kifayət qədər böyükdür və Azərbaycanda qiymət artımının sürətini göstərir.

Ekspert hesab edir ki, Azərbaycanda inflyasiya rəsmi rəqəmlərə görə 14 faizə yaxınlaşıb, lakin ərzaq inflyasiyası 20%-dən yuxarıdır:

"Dünyada qeyri-rəsmi olsa da, inflyasiyanı ölçmək üçün 30-a yaxın gündəlik tələbat mallarının qiyməti ayrıca hesablanır ki, hökumətlər vəziyyəti daha aydın görə bilsin. Bizdə belə bir yanaşma yoxdur. Əgər olsa, yəqin ki, 30 gündəlik tələbat malının təqribən 40-45%-ə yaxın qalxdığını görə bilərik. Bu da kifayət qədər ciddi rəqəmdir və inflyasiya insanları yoxsullaşdıran əsas amillərdən birinə çevrilir".