Xəstəxanaların ehtiyaclarına uyğun əsas dərmanların siyahısı artırılacaq - Zaur Əliyev

12:24 - 4.02.2021


4 fevral, Fineko /abc.az. İlkin hesablamalara görə icbari tibbi sığortanın 2020-ci ildə tətbiq edildiyi 23 şəhər və rayonda 1 milyon 147 min 834 nəfərə, Xidmətlər Zərfi çərçivəsində dövlət büdcəsinin vəsaiti hesabına 8 milyon 339 min 508 sayda tibbi xidmət göstərilib.

ABC.AZ xəbər verir ki, bunu  İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyəti sədri Zaur Əliyev bu gün keçirdiyi mətbuat konfransında qeyd edib.

O bildirib ki, icbari tibbi sığortanın tətbiqi nəticəsində vətəndaşların tibbi xidmətlərə əlçatanlığının artması təcili və təxirəsalınmaz tibbi yardım çağırışlarının ümumi sayında da öz əksini tapıb:

"Belə ki, 2019-cu illə müqayisədə 2020-ci ildə təcili və təxirəsalınmaz tibbi yardım çağırışları 82% artıb. 23 şəhər və rayonda tibb müəssisələrinin dərman və tibb vasitələri ilə təchizatının yaxşılaşdırılması məqsədilə tədbirlər görülüb. Dərman vasitələrinin çeşid sayı 126-dan 334-ə, tibbi sərflərin çeşid sayı isə 116-dan 296-ya çatıb. 2021-ci il üçün xəstəxanaların ehtiyaclarına uyğun əsas dərman vasitələrinin siyahısının genişləndirilməsi nəzərdə tutulur”.

Müəllif: Elmir Murad