Mikayıl Cabbarov: Dağ-mədən və metallurgiya layihələrinə beynəlxalq və bank maliyyəsi cəlb ediləcək

15:55 - 22.09.2026


22 Sentyabr, Fineko/abc.az. İqtisadiyyat naziri Mikayıl Cabbarov Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən müşavirədə "2027–2030-cu illərdə dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramı" çərçivəsində nəzərdə tutulan əsas mexanizmləri açıqlayıb.

Nazir bildirib ki, sahənin böyük kapital və uzunmüddətli maliyyə tələb etməsini nəzərə alaraq, dövlət vəsaitləri ilə yanaşı, özəl sektor, yerli bank sektoru və beynəlxalq maliyyə resurslarından geniş istifadə olunacaq.

İri investisiya layihələrinin cəlbi üçün vergi, gömrük və təşviq mexanizmləri təkmilləşdiriləcək, sənaye və nəqliyyat infrastrukturuna dəstək genişləndiriləcək.

Eyni zamanda layihə çərçivəsində elmi potensialın artırılması, elmi-tədqiqat və təcrübə-konstruktor işlərinin (R&D) dəstəklənməsi və təhsil-sənaye əməkdaşlığının gücləndirilməsi planlaşdırılır.