Avtonəqliyyat sığortası üzrə yığımlar 183,6 milyon manata çatıb – Mərkəzi Bank

14:16 - 24.09.2026


24 sentyabr, Fineko/abc.az. 2026-cı ilin yanvar-avqust ayları ərzində Azərbaycan sığorta şirkətləri tərəfindən avtonəqliyyat sığortası üzrə ümumilikdə 183,6 milyon manat sığorta haqqı toplanıb.

Mərkəzi Bankın hesabtına əsasən, bu göstərici keçən ilin müvafiq dövrü ilə müqayisədə 9,3% artım təşkil edib. Ümumi yığımların 131,2 milyon manatı  icbari avtonəqliyyat sığortasının, 52,4 milyon manatı isə könüllü avtonəqliyyat sığortasının payına düşüb.

Hesabat dövründə avtonəqliyyat sığortası üzrə həyata keçirilən sığorta ödənişlərində də nəzərəçarpan artım qeydə alınıb. Belə ki, cari ilin 8 ayında sığortaçılar tərəfindən müştərilərə ümumilikdə 130,3 milyon manat sığorta ödənişi verilib ki, bu da illik müqayisədə 21,2% çoxdur. İcma olunmuş ödənişlərin 104,8 milyon manatı  icbari sığorta, 25,5 milyon manatı isə könüllü sığorta növü üzrə ödənilib.