Mikayıl Cabbarov: Azərbaycanın mineral resurslardan daha yüksək dəyər yaratmaq üçün böyük imkanları var

16:16 - 22.09.2026


22 Sentyabr, Fineko/abc.az. İqtisadiyyat naziri Mikayıl Cabbarov Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən müşavirədə "2027–2030-cu illərdə dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramı" çərçivəsində resurs bazasından səmərəli istifadə mexanizmlərini açıqlayıb.

Nazir bildirib ki, ölkəmiz mövcud emal proseslərini təkmilləşdirmək, dərin emal məhsulları istehsal etmək və yeni kəşfiyyat işləri ilə iqtisadi cəhətdən səmərəli yataqları sənaye dövriyyəsinə daxil etmək imkanına malikdir.

Qlobal miqyasda enerji keçidi, elektromobillik, yarımkeçiricilər və süni intellekt infrastrukturu səbəbindən metala olan tələbatın sürətlə artdığını vurğulayan nazir, Azərbaycanın resurs bazası, zəngin enerji imkanları, nəqliyyat infrastrukturu və Orta Dəhliz üzərindəki açar rolu ilə bu fürsətlərdən maksimum yararlanacağını qeyd edib.