"AzerGold" 3,63 milyard manatlıq 4 strateji layihə icra edəcək — Dövlət Proqramı

17:17 - 22.09.2026


22 Sentyabr, Fineko/abc.az. "AzerGold" QSC 2027–2030-cu illəri əhatə edən Dövlət Proqramı çərçivəsində ümumi investisiya həcmi 3,63 milyard manat olan 4 əsas strateji layihə həyata keçirəcək.

 İdarə Heyətinin sədri Zakir İbrahimov Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən müşavirədə bildirib ki, nəzərdə tutulan investisiyaların yalnız cəmi 10%-i dövlət büdcəsi hesabına təmin ediləcək, qalan 90%-lik hissə isə daxili gəlirlər, borc kapitalı və özəl vəsaitlər hesabına maliyyələşdiriləcək.

Strateji portfel 4 ana istiqaməti əhatə edir. Qızıl hasilatı üzrə "Söyüdlü" və "Ortakənd" yataqlarından 1,28 milyon unsiya əlavə ehtiyat hasilata cəlb olunacaq. Qara metallurgiya sahəsində "Daşkəsən" layihəsi çərçivəsində 2 milyon ton isti briketləşdirilmiş dəmir istehsal gücü yaradılacaq və bunun 1,7 milyon tonu ixroca yönəldiləcək.

Eyni zamanda "Filizçay" yatağında mis, sink və qurğuşun resurslarının hasilatı təşkil ediləcək, dağ-mədən sənayesinin yan sahələri üzrə yeni xidmət və istehsal zəncirləri formalaşdırılacaq.