10:47 - 22.09.2026
22 sentyabr, Fineko/abc.az. Son vaxtlar avtomobillərin mülki məsuliyyətinin icbari sığortası ilə bağlı qəbul edilən yeni qərarlar ölkənin sürücü icmasında böyük çaşqınlıq və narazılıq dalğası yaradıb. Hər il avtomobilini vaxtı-vaxtında sığorta etdirən minlərlə nəqliyyat vasitəsi sahibi bu dəfə sistemi açarkən tamamilə fərqli və gözlənilmədən artmış qiymətlərlə qarşılaşıblar. Əsas narazılıq doğuran məqam isə artımın özündən çox, bu qərarın ictimaiyyətə kifayət qədər izah olunmadan, faktiki olaraq "anidən" tətbiq edilməsidir.
Avtomobil idarə etməyin xərclərinin — yanacaq, ehtiyat hissələri və usta xidmətlərinin günbəgün artdığı bir dövrdə icbari sığorta haqqının yüksəldilməsi sürücülərin cibinə əlavə yük oldu. Sürücüləri ən çox narahat edən amillərdən biri dəyişikliklər tətbiq edilməzdən öncə geniş maarifləndirmə kampaniyalarının aparılmaması və insanlarda fakt qarşısında qoyulmaq hissiyyatının yaranmasıdır. Eyni zamanda sığorta haqqının mühərrik həcmi, risk dərəcəsi və sürücülük stajı kimi meyar və əmsallardan asılı olaraq dəqiq nə qədər dəyişdiyini sadə vətəndaşın anlaması çətinləşib. Digər tərəfdən, sığorta haqqı artdığı halda, qəza zamanı zərərçəkənə ödənilən maksimal təzminat limitlərində nəzərəçarpan bir dəyişiklik hiss olunmur. Bu da sürücülər arasında haqlı suallar doğurur ki, ödənilən məbləğ artırsa, xidmətin keyfiyyəti və qəza zamanı ödənilən dəymiş ziyan limiti niyə eyni qalır.
Sığorta sektorunun nümayəndələri və tənzimləyici qurumlar isə dəyişikliyi bazar şərtləri ilə əsaslandırırlar. Yeni sistemə əsasən, təkrar qəza törədən, yüksək risk qrupuna daxil olan və ya nəqliyyat vasitəsini etibarnamə ilə riskli şəxslərə həvalə edən hallarda avtomatik olaraq daha yüksək əmsallar tətbiq edilir. Şirkətlər həmçinin qəzalardan sonra avtomobillərin bərpa xərclərinin kəskin bahalaşdığını, köhnə tariflərlə dəymiş ziyanı qarşılamağın çətinləşdiyini bildirirlər. Lakin bu arqumentlər illərdir qəzasız avtomobil idarə edən, məsuliyyətli sürücülərin də cibinə toxunduğu üçün ictimaiyyət tərəfindən birnalı qarşılanmır.
Sığorta məcburi dövlət tələbi olduğuna görə sürücülərin bundan imtina etmək şansı yoxdur, çünki əks halda yüksək cərimələrlə üzləşirlər. Lakin yararanmış gərginliyi azaltmaq üçün tənzimləyici qurumlar hər bir parametr üzrə hesablamanı sadə formada ictimaiyyətə təqdim etməli və qiymətlərin necə formalaşdığını şəffaf göstərməlidirlər. Paralel olaraq sığorta şirkətləri qəza zamanı dəymiş ziyanın qiymətləndirilməsi və ödənişlərin gecikdirilməsi kimi problemləri kökündən həll etməli, illərlə qəzasız idarə edən intizamlı sürücülər üçün endirim mexanizmləri real şəkildə hiss olunacaq dərəcədə tətbiq olunmalıdır.
İcbari sığorta maliyyə sabitliyini və yollarda təhlükəsizliyi qorumaq üçün vacib mexanizmdir. Lakin istənilən islahat və ya qiymət dəyişikliyi cəmiyyətlə açıq dialoq şəraitində həyata keçirilməlidir, əks halda bu cür addımlar sığorta sisteminə olan inamı daha da sarsıda bilər.
Müəllif: Elmir Muradov
22 Sentyabr 2026
22 Sentyabr 2026
22 Sentyabr 2026
22 Sentyabr 2026
22 Sentyabr 2026
22 Sentyabr 2026
21 Sentyabr 2026
21 Sentyabr 2026