Məktəblərdə adambaşına maliyyələşmə mexanizmi tətbiq olunacaq

17:33 - 24.09.2026


24 sentyabr, Fineko/abc.az. Prezident İlham Əliyev dövlət ümumi təhsil müəssisələrində yeni maliyyələşmə mexanizminin tətbiq edilməsi haqqında Fərman imzalayıb.

Sənədə əsasən, 2026‒2027-ci tədris ilindən başlayaraq dövlət büdcəsinin vəsaiti hesabına maliyyələşdirmə mərhələli şəkildə adambaşına maliyyələşdirmə prinsipi ilə həyata keçiriləcək. Bu sistem çərçivəsində məktəblərin növləri üzrə hər təhsilalana düşən illik xərclərə təhsilin səviyyələrinə uyğun artım əmsalları tətbiq olunacaq.

Fərmanla Nazirlər Kabinetinə bir ay müddətində adambaşına maliyyələşmə məbləğini, büdcədən maliyyələşmə və artım əmsallarının tətbiqi qaydalarını təsdiqləyib ölkə başçısına məlumat vermək tapşırılıb. Elm və Təhsil Nazirliyi isə hər il bu prinsip üzrə maliyyələşəcək məktəblərin siyahısını və şagird sayını Maliyyə Nazirliyi ilə razılaşdırmaqla müəyyən edəcək.

Qeyd edək ki, Fərman “2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın icrası çərçivəsində qəbul edilib.