"Meta", "TikTok" və "X" Böyük Britaniyada "Ofcom" tənzimləyicisinə məhkəməni uduzdu

16:55 - 30.10.2026


30 Oktyabr, Fineko/abcnews. "Meta", "TikTok" və "X" Böyük Britaniyanın media və rabitə tənzimləyicisi "Ofcom"un "Onlayn Təhlükəsizlik Qanunu" (Online Safety Act) çərçivəsində tələb etdiyi məlumat sorğularına qarşı qaldırdıqları iddia üzrə London Ali Məhkəməsində uduzublar.

Məhkəmə platformaların "sorğuların həddindən artıq ağır və qeyri-mütənasib yük yaratması" barədə iddialarını rədd edib. "Ofcom" fevral ayında şirkətlərdən silinən kontentlər və zərərli məzmuna məruz qalan istifadəçilərin sayına dair ətraflı statistik məlumatlar tələb etmişdi. Yeni qanunvericiliyi pozan şirkətləri qlobal dövriyyələrinin 10%-nə qədər cərimə gözləyir. "Ofcom" nümayəndəsi məhkəmə qərarını alqışlayaraq, məlumat toplanmasının tənzimləmə fəaliyyəti üçün həyati əhəmiyyət kəsb etdiyini bildirib.