"Kaspersky" barkod skanerləri vasitəsilə yeni kiberhücum vektoru aşkar edib

10:04 - 28.10.2026


28 Oktyabr, Fineko/abc.az. "Kaspersky" mütəxəssisləri "Security Analyst Summit 2026" konfransında anbar infrastrukturunun təhlükəsizlik auditi zamanı barkod skanerləri üzərindən həyata keçirilən yeni kiberhücum təhlükəsini təqdim ediblər.

Araşdırmaya görə, skanerlə baza stansiyası arasında identifikasiyanın olmaması səbəbindən hakerlər "Bluetooth" kanalı vasitəsilə klaviatura düymələrinin basılmasını təqlid edərək anbar idarəetmə sistemlərinə (WMS) daxil ola bilirlər. Bu boşluq bir neçə istehsalçının cihazında müəyyən edilib və e-ticarət sifarişlərinin emalını iflic etmək potensialına malikdir.

Şirkət riskləri azaltmaq üçün şəbəkələrin seqmentləşdirilməsini, istifadə olunmayan "Bluetooth" interfeyslərinin söndürülməsini və "Kaspersky Industrial CyberSecurity" (KICS) kimi XDR platformalarından istifadəni tövsiyə edir.