Kənd təsərrüfatı istehsalı 11 milyard manatı keçib – Nazir

10:52 - 30.10.2026


30 oktyabr, Fineko/abc.az. Kənd təsərrüfatı naziri Məcnun Məmmədov Kənd Təsərrüfatı İşçiləri Günü münasibətilə keçirilən tədbirdə bildirib ki, bu ilin yanvar–sentyabr aylarında ölkədə 11 milyard manatdan çox kənd təsərrüfatı məhsulu istehsal edilib.

Dənli bitkilərin istehsalı ötən ilin müvafiq dövrü ilə müqayisədə 8,2% artaraq buğdanın məhsuldarlığı 36,3 sentnerə yüksəlib, meyvə və giləmeyvə istehsalı isə 5% artaraq 842,6 min tona çatıb.

Həmçinin kənd təsərrüfatı və emal məhsullarının ixracında da müsbət dinamika qeydə alınıb.

Nazir qeyd edib ki, iqlim dəyişiklikləri, su məhdudluğu və beynəlxalq bazarlardakı dəyişikliklər fonunda rəqəmsallaşma, müasir texnologiyalar və elmi yanaşmalar aqrar inkişafın əsas istiqamətləri olmalıdır.

Eyni zamanda işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzurda modern təsərrüfatların yaradılması və torpaqların iqtisadi dövriyyəyə cəlb edilməsi ölkə üçün yeni imkanlar yaradır.