Kənd təsərrüfatı sahəsində mənfəətlə işləyən müəssisələr azalır

10:56 - 23.10.2026


23 oktyabr, Fineko/abc.az. Azərbaycanda kənd təsərrüfatı müəssisələrinin ümumi mənfəətinin artması bütün müəssisələrin maliyyə vəziyyətinin yaxşılaşması ilə müşayiət olunmayıb.

Əksinə, 2025-ci ildə mənfəətlə işləyən müəssisələrin sayı azalarkən zərərlə fəaliyyət göstərənlərin sayı artıb.

2025-ci ildə fəaliyyət göstərən 1 060 kənd təsərrüfatı müəssisəsindən 825-i mənfəətlə, 77-si isə zərərlə işləyib. Müqayisə üçün, 2024-cü ildə mənfəətlə işləyən müəssisələrin sayı 867, zərərlə fəaliyyət göstərənlərin sayı isə 66 olmuşdu. Beləliklə, bir il ərzində mənfəətli müəssisələrin sayı 4,8 faiz azalıb, zərərli müəssisələrin sayı isə 16,7 faiz artıb.

Bununla belə, aqrar müəssisələrin ümumi mənfəəti 2024-cü ildəki 312,9 milyon manatdan 2025-ci ildə 446,1 milyon manata yüksəlib. Yəni mənfəətlə işləyən müəssisələrin sayı azalsa da, sektor üzrə əldə edilən ümumi mənfəət 42,6 faiz artıb.

Aqrar sektorda ümumi maliyyə nəticələrinin yaxşılaşması müəssisələr arasında bərabər paylanmayıb. Qeyd edək ki, müəssisələrin ümumi sayı ilə mənfəətli və zərərli müəssisələrin cəmi arasında fərq mövcuddur. Buna görə də göstərilən iki kateqoriya bütün müəssisələri əhatə etmir.