"Meta" ödəniş edə bilən yeni "Muse" AI agentini təqdim etdi

16:37 - 10.09.2026


10 Sentyabr, Fineko/abc.az. "Meta" korporasiyası istifadəçilərin adından ödənişlər etmək və e-poçt göndərmək kimi tapşırıqları yerinə yetirən "Muse" adlı yeni süni intellekt (AI) agentini istifadəyə verib.

Xidmət hazırda yalnız ABŞ-da "Muse" tətbiqi və "WhatsApp" vasitəsilə əlçatandır, gələcəkdə isə smart-eynəklərə inteqrasiya edilməsi planlaşdırılır.

"Muse" e-poçt, təqvim, ödəniş sistemləri və "ağıllı ev" cihazlarına inteqrasiya olunur. Şəxsi bulud maşınında fəaliyyət göstərən agent tapşırıqları arxa fonda da icra edə bilir. Əməliyyatların təhlükəsizliyi üçün sistemə nəzarətçi AI əlavə edilib — o, ödənişlər və vacib məktublar öncəsi istifadəçidən təsdiq tələb edir.

Lakin sınaqlar zamanı ciddi texniki çatışmazlıqlar aşkar olunub: tətbiqdə donmalar, sistemdən qəfil çıxışlar və iCloud şəkillərinə icazəsiz giriş kimi təhlükəsizlik xətaları qeydə alınıb.