İtalyan dəbdəbəsi Çin texnologiyası ilə birləşir: "Stellantis" "Maserati"ni xilas etmək üçün "Huawei" və "JAC" ilə danışıqlar aparır

13:44 - 5.09.2026


5 Sentyabr, Fineko/abc.az. Avtomobil nəhəngi "Stellantis" maliyyə çətinlikləri yaşayan lüks brendi "Maserati" üçün Çinin texnologiya giqantı "Huawei" və avtomobil istehsalçısı "JAC Group" ilə uzunmüddətli sənaye tərəfdaşlığı üzrə danışıqlar aparır.

Ötən ili 198 milyon avro (230 milyon dollar) zərərlə başa vuran və cəmi 8 mindən az avtomobil təhvil verən "Maserati" üçün bu addım markanın yenidən dirçəldilməsi strategiyasının ana xəttini təşkil edir.

"Stellantis"in icraçı direktoru (CEO) Antonio Filosa bildirib ki, yeni tərəfdaşlıq sazişi "Maserati" modellərinin istehsal olunduğu İtaliyadakı Kassino və Modena zavodlarının istehsal həcmlərinə müsbət təkan verəcək. Çin tərəfdaşlarının qabaqcıl proqram təminatı və elektrik platformalarının inteqrasiyası nəzərdə tutulan brendin uzunmüddətli yeni inkişaf strategiyası dekabr ayında ictimaiyyətə açıqlanacaq.