"Bank of America" "Jio Credit"in 49,9%-ə qədər payını 1,92 milyard dollara satın alır

06:00 - 13.08.2026


13 avqust, Fineko/abc.az. ABŞ-ın "Bank of America" (BofA) maliyyə korporasiyası Hindistanın "Jio Financial Services" holdinqinə daxil olan "Jio Credit" qeyri-bank kredit təşkilatının 49,9%-ə qədər payını 182,68 milyard rupi (təxminən 1,92 milyard dollar) qarşılığında əldə edir.

Sazişə əsasən, BofA səhmlərin və varrantların ilkin ayrılması yolu ilə "Jio Credit" strukturunda birgə müəssisə tərəfdaşı olacaq. İlkin mərhələdə "Bank of America" şirkətin 26,5%-lik payına sahiblənəcək, varrantların icrası ilə bu pay 49,9%-ə qədər yüksələ biləcək.

Bu addım Hindistanın sürətlə böyüyən maliyyə xidmətləri sektoruna son dövrlərdə qoyulan ən iri xarici sərmayələrdən biridir. Saziş "Bank of America"ya yerli bazar təcrübəsinə malik tərəfdaşla Birləşmiş Ştatlardan kənarda strateji mövqelərini möhkəmləndirmək imkanı yaradacaq.