«UBS» 3 milyard dollarlıq yeni səhm geri satınalma proqramına başlayır

21:42 - 29.07.2026


29 iyul, Fineko/abc.az. İsveçrənin ən böyük bankı «UBS Group AG», bankın gələcək kapital tələbləri ilə bağlı qeyri-müəyyənlik fonunda investorlara daha çox şəffaflıq təmin etmək məqsədilə 3 milyard dollar dəyərində yeni səhm geri satınalma (buyback) proqramı elan edib.

Sözügedən proqram 2027-ci ilin ortalarınadək davam edəcək. İyul ayında başa çatan əvvəlki 3 milyard dollarlıq proqramın ardınca start götürən yeni təşəbbüs çərçivəsində Sürix mərkəzli maliyyə nəhəngi yaxın 3 ay ərzində ən azı 1 milyard dollarlıq səhm geri almağı planlaşdırır.

Bununla yanaşı, «UBS» ilin ikinci rübündə 2,8 milyard dollar xalis mənfəət açıqlayaraq analitiklərin 2,39 milyard dollarlıq gözləntilərini üstələyib. Mənfəətin artmasına Uoll-Stritdəki digər nəhənglərdə olduğu kimi güclü ticarət həcmləri və varlıqların idarə edilməsi (wealth management) bölməsinə gözləniləndən yüksək kapital axını səbəb olub.

Bank rəhbərliyi bildirib ki, ardıcıl olaraq əldə edilən güclü maliyyə nəticələri İsveçrədə bank kapitalı qaydalarının sərtləşdirilməsi ilə bağlı müzakirələrin səhm qiymətlərinə göstərdiyi mənfi təzyiqi neytrallaşdırmağa kömək edir.