21:51 - 28.07.2026
28 iyul, Fineko/abc.az. UEFA, FIFA prezidenti Canni İnfantinonun Dünya Çempionatının səhmlərinin özəl investorlara satılmasını nəzərdə tutan planına kəskin etirazını bildirib.
Böyük Britaniyanın "The Times" qəzetinin məlumatına görə, İnfantino ABŞ administrasiyasına yaxın şəxslərlə investor danışıqları aparır. Plana əsasən, FIFA-nın ən mötəbər turnirlərini (Kişilər və Qadınlar arası Dünya Çempionatları və Klublararası Dünya Çempionatı) idarə edəcək yeni bir şirkətin yaradılması nəzərdə tutulur. Layihə çərçivəsində FIFA-ya üzv olan 211 milli federasiyanın hər birinə təxminən 20 milyon dollar dəyərində səhm verilməsi, onların bu səhmləri satmaq hüququnun olması təklif edilir. İddialara görə, İnfantino prezidentlik müddəti başa çatdıqdan sonra bu yeni şirkətə "komissar" sifəti ilə rəhbərlik etməyi planlaşdırır.
UEFA-dan verilən rəsmi açıqlamada deyilir: "Bu, futbolun rəhbər qurumlarının keçməməli olduğu bir həddir. UEFA və bütün milli federasiyalar, liqalar, klublar, futbolçular və azarkeşlər məsələyə son dərəcə ciddi yanaşırlar. Futbolun ruhu və idarəçiliyi, xüsusilə də kimin maliyyə mənfəəti əldə edəcəyi barədə sıfır şəffaflıq olduğu bir şəraitdə, alınıb-satılan aktiv ola bilməz. Heç birimiz futbolun sahibi deyilik. Bu, FIFA-nın sata biləcəyi bir şey deyil."
27 İyul 2026