«Visa» 2 600 əməkdaşını işdən çıxarmağa hazırlaşır

22:32 - 28.07.2026


28 iyul, Fineko/abc.az. Ödəniş texnologiyaları sahəsində dünya liderlərindən olan «Visa» şirkəti səmərəliliyi artırmaq və biznesin sürətlə böyüyən istiqamətlərinə investisiya qoymaq məqsədilə təxminən 2 600 işçisini ixtisar etməyi planlaşdırır. Bu, şirkətin ümumi işçi qüvvəsinin təxminən 7%-ni təşkil edir.

Şirkətin icraçı direktoru (CEO) Rayan Makİnerninin əməkdaşlara göndərdiyi daxili məktubda bildirilir ki, ixtisarlar əsasən texnologiya və məhsul hazırlama komandalarını əhatə edəcək. Son maliyyə ilinin sonuna olan məlumata görə, «Visa»da 34 100 nəfər çalışırdı.

Ixtisar qərarı biznes proseslərinin sürətlənməsi və süni intellekt (AI) texnologiyalarının tətbiqi ilə sıx bağlıdır. Sərbəstləşən maliyyə resursları istehlakçı ödənişləri, kommersiya və pul köçürmələri həlləri, həmçinin steyblkoinlər (stablecoin), sərhədlərarası və B2B ödəniş xidmətlərinin inkişafına yönəldiləcək.