Çox böyük ehtimalla "Temu"nun fəaliyyəti məhdudlaşdırılacaq - Ekspert - Özəl xəbər

13:59 - 28.07.2026


28 iyul, Fineko/abc.az. Bildiyiniz kimi, Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi “Temu” elektron ticarət platformasının sahibi “PDD Holdings” şirkəti barəsində iş qaldırıb.

Məlumata görə,“PDD Holdings” şirkəti “Temu” elektron ticarət platforması vasitəsilə rəqabəti məhdudlaşdıran qiymət siyasəti həyata keçirməklə hökmran mövqedən sui-istifadə etməsi ilə əlaqədar rəqabət qanunvericiliyini pozub. Bu isə insanlar arasında "Temu"nun bağlanacağı qorxusunu yaradıb.

Belə ki, bəziləri "Temu"nun bağlanacağı və ya onun Azərbaycandakı fəaliyyətinin qismən  məhdudlaşdırılacağını düşünür. Bəs görəsən, doğurdanmı bu deyilənlər təsdiqini tapacaq?

Məsələ ilə bağlı iqtisadçı-ekspert Rəşad Həsənov bildirib ki, "Temu"da həyata keçirilən qiymət siyasəti, eyni zamanda, təklif edilən məhsulların keyfiyyəti, saxlanma şərtləri, çatdırılma şərtləri və s. kimi məsələlərlə əlaqədar iddialar əsasında müəyyən bir proses başlanıb.

Təbii ki, bənzər siyasətlər adətən hər hansı bir sahənin yenidən dizayn edilməsi halında daha çox ortaya çıxır deyən ekspert hesab edir ki, bu da insanlarda "Temu"nun fəaliyyətinin məhdudlaşdırılması istiqamətində bir qənaətin yaranmasına səbəb olur:

"Çox böyük ehtimalla "Temu" ilə əlaqədar başladılmış proses nəticəsində qərarlar qəbul ediləcək və fəaliyyətin hansısa formada, yəni məhdudlaşdırılması ilə bağlı mövqe ortaya qoyula bilər. Düşünürəm ki, müxtəlif maraqlar var, eyni zamanda müəyyən qruplar var ki, onlar bu prosesdə özlərini zərər çəkən kimi təqdim edirlər. ​Amma, düşünürəm ki, liberal bazar yanaşması daha doğru yanaşmadır. Azərbaycanda kifayət qədər bu istiqamətdə hazırda çətinliklər var. İnsanlar sərbəst seçim imkanlarından istifadə etməkdə çətinliklə üzləşirlər.

Az da olsa, təbii ki, "Temu" kimi rəqabətin kəskin olduğu platformalar bu və ya digər şəkildə insanların müxtəlif məhsullara olan ehtiyacını daha əlverişli şərtlərlə əldə etməsi imkanları yaradır. Və burda keyfiyyətlə bağlı məsələlər ciddi narahatedici məqam kimi bəzi hallarda təqdim edilir, amma düşünürəm ki, "Temu"nun məhsulları geri qaytarma siyasəti o qədər çevik şəkildə təşkil olunub ki, mən düşünmürəm ki, hər hansı bir istehlakçı burda, yəni daha keyfiyyətsiz məhsulu istehlak etmək məcburiylətində qalır.

Təbii ki, hər məhsulun özünün dəyərinə, qiymətinə görə onun keyfiyyəti var. Bu, alıcıların məsələsidir. Əgər insan daha aşağı qiymətli məhsulu seçirsə, bu o deməkdir ki, hansısa formada aşağı keyfiyyətli məhsulu istehlak etmək məcburiylətindədir. Bu, alıcılıq gücü ilə əlaqədar məsələdir, bu, ölkədəki iqtisadi vəziyyətlə əlaqədar məsələdir və bütün bunların hansısa formada səbəbkarı kimi "Temu"nu təqdim etməyin özü də doğru deyil".

R.Həsənov hesab edir ki, bu və ya digər şəkildə istehlakçı hüquqları qorunmalıdır, dempinq müşahidə edildiyi halda bunun qarşısı alınmalıdır.

"Amma, eyni zamanda məsələnin digər ən mühüm tərəfi odur ki, yəni bir neçə steykholderlə yanaşı, bir tərəfdə də 10 milyon istehlakçı var və onların, yəni "Temu" kimi onlayn platformalar onların öz vəsaaitlərini daha səmərəli idarə etməsi imkanı formalaşır. İnsanlara bu imkanlardan, xüsusilə də inflyasiyanın kəskin şəkildə bu imkanlardan məhrum edilməsi də doğru deyil. Ona görə də siyasətlər balanslı şəkildə və xüsusilə də sosial və iqtisadi aspektlər nəzərə alınmaqla həyata keçirilməlidir" - deyə o qeyd edib.

Müəllif: Elmir Muradov