15:23 - 25.06.2026
25 iyun, Fineko/abc.az. Azərbaycan Avropa İttifaqına (Aİ) üzv olan ölkələrin də iştirak etdiyi yeni tranzit sistemə qoşulmağa hazırlaşır.
ABC.AZ xəbər verir ki, bunu "Report" İnformasiya Agentliyi və "İctimai TV"yə müsahibəsində Dövlət Gömrük Komitəsinin (DGK) sədri, gömrük xidməti general-polkovniki Şahin Bağırov bildirib.
Onun sözlərinə görə, Azərbaycan artıq avtomobil daşımaları üzrə bir neçə konvensiyaya üzv olub:
"Bu sahədə biz işlərimizi davam etdiririk və beynəlxalq standartlar əsasında ölkəmizdə tranzit imkanlarının genişləndirilməsi, sərbəst hərəkətə şəraitin yaradılması, rəsmiləşdirmə müddətlərinin qısaldılması, yoxlamaların risk əsaslı yanaşma ilə həyata keçirilməsi üçün çalışırıq. Bununla yanaşı, müasir dövrün tələblərinə uyğun yeni alətlərin tətbiqi istiqamətində də iş aparılır. Bu məqsədlə yeni kompüterləşdirilmiş tranzit sisteminə - Avropa İttifaqında 27 dövlət, ümumilikdə 39 ölkə tərəfindən istifadə olunan sistemə qoşulmaq istiqamətində fəaliyyət göstəririk. Bu çərçivədə biz 2 konvensiyaya üzv olmaq ərəfəsindəyik – Ümumi Tranzit Proseduru haqqında Konvensiyaya və Mallarla Ticarətdə Sənədləşmənin Sadələşdirilməsi haqqında Konvensiyaya qoşulma prosesinə başlamışıq".