14:11 - 25.06.2026
25 iyun, Fineko/abc.az. Türk Dövlətlərinin Mühasiblər və Müstəqil Auditorlar Birliyi audit sahəsində sağlam rəqabəti gücləndirəcək.
ABC.AZ xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Auditorlar Palatasının sədri Vahid Novruzov bildirib.
Onun sözlərinə görə, yeni birlik Türk Dövlətləri Təşkilatı çərçivəsində formalaşan əməkdaşlıq platformalarının tərkib hissəsi olacaq və peşəkar əlaqələrin genişlənməsinə xidmət edəcək.
"Bu qurum vasitəsilə ölkələrimiz arasında təcrübə mübadiləsi genişlənəcək, auditorlar beynəlxalq təcrübəni birlikdə öyrənib tətbiq edəcəklər. Eyni zamanda audit sahəsində sağlam rəqabət mühiti formalaşacaq. Birlik auditorların fəaliyyət imkanlarını da genişləndirəcək. Auditorlarımız təkcə Azərbaycanda deyil, digər türk dövlətlərində də xidmət göstərmək imkanı əldə edəcəklər. Eyni zamanda həmin ölkələrin auditorları da Azərbaycanda fəaliyyət göstərə biləcəklər. Bu, həm peşəkar əməkdaşlığı gücləndirəcək, həm də xidmətlərin keyfiyyətinin yüksəlməsinə səbəb olacaq", – deyə Palata sədri vurğulayıb.
Türk Dövlətlərinin Mühasiblər və Müstəqil Auditorlar Birliyinin Əsasnaməsinin bu il sentyabrın 16-da Bakıda, Auditorlar Palatasının yaradılmasının 30 illiyinə həsr olunmuş beynəlxalq konfrans çərçivəsində imzalanması nəzərdə tutulur.
24 İyun 2026
24 İyun 2026