12:18 - 23.06.2026
23 iyun, Fineko/abc.az. Hədəf rayonlarda məhsuldarlığın 50 sentnerə çatdırılması nəzərdə tutulur.
ABC.AZ xəbər verir ki, bunu kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova "Kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı" çərçivəsində keçirilən Mil-Muğan iqtisadi rayonu üzrə regional müşavirədə bildirib.
Onun sözlərinə görə, Proqramın ən mühüm istiqamətlərindən biri buğda və pambıq istehsalının artırılması, həmçinin məhsuldarlığın yüksəldilməsidir: "Bu sahədə yanaşma artıq daha hədəfli şəkildə formalaşdırılır. Rayonlar mövcud potensialına, suvarma imkanlarına, aqropark infrastrukturuna və lazer hamarlama imkanlarına görə qruplaşdırılır".
Nazir müavini əlavə edib ki, buğda istehsalı üzrə 22 rayon, pambıq istehsalı üzrə isə 15 rayon hədəf rayon kimi müəyyənləşdirilib:
"Həmin rayonlar ölkədə istehsal olunan taxılın və pambığın böyük hissəsini təmin edir. Eyni zamanda, bu ərazilərdə suvarılan sahələrin payı, müasir suvarma potensialı, aqropark infrastrukturu və lazer hamarlama imkanları daha yüksəkdir. Mil-Muğan iqtisadi rayonuna daxil olan bütün rayonlar da bu 22 və 15 hədəf rayonun siyahısına daxildir. Hədəf rayonlarda buğda və pambıq üzrə orta məhsuldarlığın hər hektardan 50 sentnerə, dəmyə rayonlarında isə taxıl üzrə məhsuldarlığın 30 sentnerə çatdırılması nəzərdə tutulur. Perspektiv rayonlarda isə 2029-cu ildən sonra buğda üzrə məhsuldarlıq hədəfi hər hektardan 50 sentner müəyyən edilib. Bu hədəflərə nail olmaq üçün bir sıra əsas tədbirlərin həyata keçirilməsi planlaşdırılır. İlk növbədə, müasir suvarma sistemlərinin tətbiqi genişləndiriləcək. Eyni zamanda, kənd təsərrüfatı texnikası ilə təminat yaxşılaşdırılacaq və lazer hamarlama texnologiyalarının tətbiqi daha da genişləndiriləcək".
24 İyun 2026
24 İyun 2026