Moped idarə etmək istəyənlər sürücülük vəsiqəsi almalı olacaq

17:25 - 19.06.2026


19 iyun, Fineko/abc.az. Milli Məclis "Avtomobil yolları haqqında", "Dövlət rüsumu haqqında" və "İcbari sığortalar haqqında" qanunların mopedlərlə bağlı qanunvericiliyə uyğunlaşdırılmasını birinci oxunuşda təsdiqləyib.

ABC.AZ xəbər verir ki, bununla bağlı "Yol hərəkəti haqqında" qanunda dəyişiklik edilməsi barədə" 9 dekabr 2025-ci il tarixli qanunun icrası ilə əlaqədar bəzi qanunlarda dəyişiklik edilməsi haqqında qanun layihəsi parlamentin növbədənkənar sessiyasının bugünkü iclasında müzakirəyə çıxarılıb.

Xatırladaq ki, "Yol hərəkəti haqqında" qanunla yol hərəkəti iştirakçılarının təhlükəsizliyinin təmin olunması, mopedlərin iştirakı ilə baş verə biləcək qəza hallarının qarşısının alınması və bu sahədə tənzimləmənin yaradılması məqsədilə mopedlərin müvafiq icra hakimiyyəti orqanında dövlət qeydiyyatından keçirilərək uçota alınması və bunun əsasında onlara dövlət qeydiyyat nişanının verilməsi, habelə mopedlərin sürücülük vəsiqəsi əsasında idarə olunması müəyyən olunmuşdur. Bununla da nəqliyyat vasitəsi sürücüləri üçün nəzərdə tutulmuş bir sıra vəzifələr moped sürücülərinə də şamil olunacaqdır. Beləliklə, mopedi idarə etmək üçün "A1" kateqoriyalı sürücülük vəsiqəsi, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi və dövlət qeydiyyat nişanı tələb olunur.

Təklif olunan dəyişiklik uyğunlaşdırma çərçivəsində adıçəkilən qanundan irəli gələrək mopedlərin texniki baxışdan keçirilməsinə, dövlət qeydiyyatına alınmasına, sürücülük vəsiqəsinin verilməsi üçün imtahanların qəbuluna, sürücülük vəsiqəsinin verilməsi və ya sürücülük vəsiqəsinin dəyişdirilməsinə və dövlət qeydiyyat nişanlarının verilməsinə görə dövlət rüsumunun dərəcələrinin qüvvədə olan dövlət rüsumları məbləğində tənzimlənməsini, eləcə də qeydiyyatdan keçmiş mopedlərin istifadəsi ilə bağlı üçüncü şəxslər qarşısında mülki məsuliyyətin icbari sığortasını nəzərdə tutur.