Çin avtomobil keyfiyyətini artırmaq üçün 1 illik kampaniyaya başlayır: Defektli maşınlar geri çağırılacaq

22:17 - 27.08.2026


27 avqust 2026-cı il, Fineko/abc.az. Çin tənzimləyici orqanları avtomobil istehsalçılarından daxili auditlər zamanı aşkar edilən hər hansı qüsurlarla bağlı dərhal geri çağırış planları təqdim etməyi tələb edib. Bu qərar dünyanın ən böyük avtomobil bazarında nəqliyyat vasitələrinin keyfiyyətini, etibarlılığını və təhlükəsizliyini artırmaq məqsədilə start verilən 1 illik ümummilli kampaniyanın tərkib hissəsidir.

Çinin Bazar Tənzimləmə İdarəsi, Sənaye, İctimai Təhlükəsizlik və Ətraf Mühit nazirliklərinin birgə bəyanatına əsasən, şirkətlər 2026-cı ilin sonunadək yeni texnologiyaların sınağı, etibarlılıq və kibertəhlükəsizlik üzrə hərtərəfli yoxlamalar apararaq hesabat təqdim etməlidirlər. Yoxlamalar həmçinin avtonom idarəetmə və sürücüyə kömək sistemlərini (ADAS) də əhatə edəcək. Məlumat üçün bildirək ki, avqustun 21-də "Tesla" və 8 Çin brendi qəza zamanı qapıların açılması mexanizmindəki problemlərə görə ümumilikdə 4,3 milyon avtomobili geri çağıracağını elan etmişdi.

Ekspertlər bildirirlər ki, bu tədbirlər Çinin avtomobil sənayesində tənzimləmə yanaşmasının daha da sərtləşdiyini göstərir. Son dövrlər ölkə daxilində davam edən kəskin qiymət müharibəsindən sonra istehsalçıların diqqəti bazar payını qorumaqdan məhsulun keyfiyyətini və uzunmüddətli rəqabət qabiliyyətini artırmağa yönəlir.