Son üç ildə depozit bazarının həcmi iki dəfədən çox artıb - Şahin Mahmudzadə

12:15 - 17.06.2026


17 iyun, Fineko/abc.az. Son üç ildə depozit bazarının həcmi iki dəfədən çox artıb.

ABC.AZ xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) baş direktoru Şahin Mahmudzadə Bakıda keçirilən İslam İnkişaf Bankı (IsDB) Qrupunun 51-ci İllik Toplantısı çərçivəsində təşkil olunmuş "İslam Maliyyəsi üzrə 20-ci IsDB Qlobal Forumu"nda bildirib.

O qeyd edib ki, eyni dövrdə ilk dəfə IPO həyata keçirilib, həmçinin Azərbaycanda ilk üzən faiz dərəcəli istiqrazlar buraxılıb.

“Bank-maliyyə sektorunun beynəlxalq reytinqləri yüksəlib. "Moody"s", "Fitch Ratings" və digər beynəlxalq qiymətləndirmələr maliyyə sektoruna və pul-kredit siyasətinə etimadın son illərdə əhəmiyyətli dərəcədə artdığını göstərir. Təbii ki, hər bir islahat müəyyən çətinliklərlə müşayiət olunur. Uzunmüddətli uğur naminə bəzən qısamüddətli hədəflərdən imtina etmək lazım gəlir. Bu çətinliklərin öhdəsindən gəlmək üçün isə biz kəskin və ani dəyişikliklərə üstünlük vermirik. İlk növbədə pilot mexanizmlər tətbiq edilir, tənzimləyici "sandbox"lardan istifadə olunur və gələcək dəyişikliklərə hazırlıq məqsədilə ilkin çərçivələr formalaşdırılır. Bu prosesdə ən vacib məsələlərdən biri digər maraqlı tərəflərlə eyni tempdə irəliləməkdir. İslahatların uğuru yalnız onların hazırlanmasından deyil, həm də bütün iştirakçıların bu dəyişikliklərə uyğunlaşa bilməsindən asılıdır. Buna görə də əsas çağırış tərəfdaşları geridə qoymadan, onları da prosesə cəlb edərək irəliləməkdir”, - deyə AMB rəsmisi əlavə edib.