17:21 - 16.06.2026
16 iyun, Fineko/abc.az. "Azərbaycanda islam maliyyəsi məhsulları inkişaf etməkdədir. İslam maliyyəsi bizim üçün sadəcə alternativ bir maliyyə modeli deyil, bu, tərəfdaşlığa, risklərin bölüşdürülməsinə və investisiyaya əsaslanan bir modeldir".
ABC.AZ xəbər verir ki, bu sözləri maliyyə nazirinin müavini Anar Kərimov Bakıda İslam İnkişaf Bankı (IsDB) Qrupunun illik toplantıları çərçivəsində keçirilən “Halal İqtisadiyyat Liderlik Forumu (HELF) və AZHAB Forum 2026” adlı tədbirdə çıxışı zamanı deyib.
Onun sözlərinə görə, islam maliyyəsinin inkişafı sadəcə yeni bir bazar seqmentinin yaradılması demək deyil:
"Bizim üçün bu, diversifikasiya, maliyyə inklüzivliyi və özəl sektorun dəstəklənməsi istiqamətində həyata keçirilən daha geniş səylərin bir hissəsidir".
"Bu gün Azərbaycanda artıq təkabül/islam sığortası xidmətləri mövcuddur. Maliyyə institutları İslam bankçılığı məhsullarını təklif etməyə başlayıblar. Mürabahə, Mudarabə sadəcə cəlbedici İslam maliyyə alətləri deyil, artıq bəzi banklar tərəfindən tətbiq olunmaqdadır", - deyə nazir müavini bildirib.