Cek Ma "Alibaba"nın səhmlərinə sahib çıxdı: Süni intellekt xərcləri fonunda sürpriz addım

16:29 - 26.08.2026


26 avqust, Fineko/abc.az. "Alibaba Group"un həmtəsisçisi Cek Ma elektron ticarət nəhənginin süni intellekt (AI) xərclərindəki kəskin artım fonunda səhmlərdə yaşanan ucuzlaşmanın qarşısını almaq üçün şirkətin hissələrini alıb.

Son günlərdə 600 milyon Honq Konq dollarından (76,5 milyon dollar) çox dəyərdə səhm alan Cek Ma, İdarə Heyətinin sədri Co Tsay və icraçı direktor Eddi Vunun ən azı 25 milyon dollarlıq səhm alışı addımlarına dəstək verib. Bu addım Çərşənbə günü "Alibaba"nın səhmlərinə müsbət təsir göstərərək qiymətlərin 3,2%-dək yüksəlməsini təmin edib.

Səhmlər üzərindəki təzyiq şirkətin süni intellekt üzrə qlobal liderliyə nail olmaq planlarını maliyyələşdirmək məqsədilə 80 milyard Honq Konq dolları (10,2 milyard dollar) həcmində əlavə səhm çıxarmasından sonra yaranmışdı. Çinin bu sahədə ən aqressiv investisiya proqramına başlayan "Alibaba" üç il ərzində süni intellekt infrastrukturuna, məlumat mərkəzlərinə və çip dizaynlarına 380 milyard yuandan (56,5 milyard dollar) çox vəsait ayırmağı öhdəsinə götürüb. İcraçı direktor Eddi Vu bildirib ki, süni intellekt məhsullarından əldə olunan illik gəlirin bu rübdə 10 milyard dollara yaxınlaşması gözlənilir və ümumi investisiya üç il ərzində özünü doğruladacaq.