Maliyyə sektorunun dayanıqlı inkişafı bundan asılıdır

11:46 - 12.03.2026


12 mart, Fineko/abc.az. İnnovasiyaların sürətli tətbiqi ilə yanaşı, kibertehlükəsizlik və fərdi məlumatların qorunması məsələləri daha da aktuallaşır.

ABC.AZ xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədrinin müavini Toğrul Əliyev Bakıda keçirilən "Müasir rəqəmsal dünyada istehlakçılar: elektron ticarət, rəqəmsal xidmətlər və təhlükəsizlik məsələləri" forumunda bildirib.

O qeyd edib ki, maliyyə sektorunun dayanıqlı inkişafı istehlakçıların hüquqlarının etibarlı müdafiəsindən asılıdır.

Bu məqsədlə rəqəmsal maliyyə savadlılığının üç əsas komponenti diqqət mərkəzində saxlanılmalıdır.

Onun sözlərinə görə, birinci növbədə, rəqəmsal bankçılıq bacarıqlarının inkişaf etdirilməsi vacibdir:

"Bura elektron pul kisələrindən və müasir ödəniş alətlərindən düzgün və effektiv istifadə qaydaları daxildir. İkinci mühüm istiqamət olan strateji planlama sayəsində vətəndaşlar rəqəmsal alətlər vasitəsilə öz xərclərini təhlil edə və daha səmərəli investisiya qərarları verə bilərlər. Nəhayət, rəqəmsal təhlükəsizlik qaydalarının mənimsənilməsi, xüsusilə güclü şifrələrin yaradılması və fişinq kimi kiberhücumlardan qorunma yollarının öyrənilməsi istehlakçıların şəxsi məlumatlarının təhlükəsizliyi baxımından xüsusi əhəmiyyət kəsb edir".