Yanvarda ödəniş kartları 176 min ədəd artıb

14:23 - 26.02.2026


26 fevral, Fineko/abc.az. Banklar və “Azərpoçt” MMC sistemləri üzrə yanvar ayının sonunda dövriyyədə olan ödəniş kartlarının sayı ötən aya nəzərən 176 min ədəd artaraq 22 milyon 156 min ədəd təşkil edib.

ABC.AZ Mərkəzi Banka istinadən xəbər verir ki, keçən ilin müvafiq dövrü ilə müqayisədə bu göstərici 11% artıb.

Ödəniş kartlarında debet kartlarının sayı 13.3% artmış, kredit kartlarının sayı isə 7.6% azalıb. Ödəniş kartlarının artması nağdsız ödənişlərin həcminə müsbət təsir göstərib.

Belə ki, yanvar ayı ərzində ölkədaxili nağdsız əməliyyatların həcmi keçən ilin müvafiq dövrü ilə müqayisədə 11.4% artıb.

2026-ci ilin yanvar ayı ərzində kartlar vasitəsilə həyata keçirilən ölkədaxili nağdsız ödənişlərin həcmi 7,687 mln. manat təşkil edib. Həyata keçirilən nağdsız ödənişlərin 6,600 mln. manatı elektron ticarətin payına düşür. Qalan məbləğin 1,085 mln. manatı POS-terminallar, 3 mln. manatı isə özünə xidmət terminalları və bankomatlar vasitəsilə gerçəkləşdirilib.