16:47 - 29.01.2026
29 yanvar, Fineko/abc.az. Bu il yanvarın 1-nə qədər İpoteka və Kredit Zəmanət Fondunun zəmanəti ilə Azərbaycan sahibkarlarına güzəştli şərtlərlə 684 milyon manat kredit verilib, bunun 147 milyon manatı 2025-ci ilin payına düşüb.
ABC.AZ Fonda istinadən xəbər verir ki, bundan başqa, sahibkarların maliyyə resurslarına çıxış imkanlarının artırılması və ödəniş yükünün azaldılması məqsədilə dövlət büdcəsindən ayrılmış vəsaitlər hesabına Fond 2018-2024-cü illərdə sahibkarlıq kreditlərinə hesablanmış faizlərə görə 47,4 milyon manat subsidiya verib.
Mexanizm çərçivəsində indiyə qədər zəmanət verilmiş kreditlərin orta müddəti 30 ay, biznes kreditləri üzrə hesablanmış faizlərin bir hissəsinə subsidiyanın verilməsi hesabına sahibkarların ödəyəcəyi kreditlər üzrə faktiki illik faiz dərəcəsi 6,8 %, bir sahibkara ayrılan kreditin məbləği isə 30 min manatdan 5 milyon manata qədər təşkil edib.
Kreditlər sənaye məhsullarının istehsalı və emalı, kənd təsərrüfatı və qida sənayesi, tikinti sektoru, turizm və infrastrukturun inkişaf etdirilməsi ilə bağlı sahələrə, maşın və avadanlıq istehsalına, ticarət və xidmət sektoruna yönəldilib. Fondun zəmanət və faiz subsidiyası hesabına sahibkarlara ayrılan kreditlər vasitəsilə maliyyələşən layihələr üzrə 6 000-dən çox yeni iş yerinin yaradılması nəzərdə tutulub.
28 İyul 2026
28 İyul 2026
27 İyul 2026