Xiaomi smartfonları bahalaşacaq

12:20 - 25.12.2025


25 dekabr, Fineko/abc.az. Xiaomi-nin yeni flaqman cihazlarının qiyməti 7000 yuandan başlayan qiymətə satılacaq (təxminən 980 ABŞ dolları).

ABC.AZ xəbər verir ki, qiymət artımını ilk olaraq Xiaomi 17 Ultra alıcıları görəcək. Belə ki, bahalaşma əvvəlki modellərlə müqayisədə nəzərəçarpacaq olacaq.

Xiaomi korporasiyasının prezidenti Lu Veybinqin sözlərinə görə, qiymət artımı süni intellektlə işləyən data mərkəzləri tərəfindən yüksək tələbat fonunda operativ yaddaş modullarının qiymətlərinin kəskin bahalaşması ilə bağlıdır. Bununla belə, şirkət satış qiymətlərinin məqbul səviyyədə qalacağını və “qiymət–keyfiyyət” nisbətinin qorunacağını bildirir.

Müqayisə üçün qeyd edək ki, əvvəlki flaqman Xiaomi 15 Ultra modeli 6499 yuan (təxminən 900 ABŞ dolları) qiymətinə təklif olunurdu. Xiaomi 17 Ultra modelinin rəsmi təqdimatı və qiymət açıqlaması 25 dekabr tarixində baş tutacaq.