2026-cı ildə də monetar şəraitin formalaşmasında faiz dəhlizi mühüm rol oynamaqda davam edəcək – AMB

10:23 - 25.12.2025


25 dekabr, Fineko/abc.az. Azərbaycanda ümumilikdə cari il ərzində pul siyasəti yumşaldılmış, uçot dərəcəsi 7.25%-dən 6.75%-ə, faiz dəhlizinin yuxarı həddi 8.25%-dən 7.75%-ə, dəhlizin aşağı həddi isə 6.25%-dən 5.75%-ə endirilib.

ABC.AZ xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının 2026-cı il üçün pul siyasətinin əsas istiqamətləri barədə bəyanatında qeyd edilir.

Hazırda uçot dərəcəsi son 4 ilin minimum səviyyəsindədir və neytral faiz dərəcəsinə yaxındır.

AMB-nin bəyanatında qeyd edilir ki, 2026-cı ildə də monetar şəraitin formalaşmasında faiz dəhlizi mühüm rol oynamaqda davam edəcək və pul bazarında qısamüddətli faizlər pul siyasətinin yardımçı əməliyyat hədəfi olaraq istifadə ediləcəkdir.

O da bildirilir ki, banklararası pul bazarındakı faizlərin Mərkəzi Bankın faiz dəhlizi daxilində hərəkət etməsi üçün Mərkəzi Bank arsenalındakı bütün alətlərdən adekvat və çevik şəkildə istifadə edəcəkdir.

“Daimi imkan alətləri növbəti ildə də banklararası pul bazarında faizlərin faiz dəhlizi daxilində formalaşmasını təmin edəcəkdir. Daimi imkan aləti olaraq gecəlik depozit və gecəlik əks-repo əməliyyatlarından istifadə ediləcəkdir. Bu alətlər üzrə faiz dərəcələri müvafiq olaraq faiz dəhlizinin aşağı və yuxarı hədlərinə bərabər olacaqdır”- deyə, Mərkəzi Bankdan bildirilir.