Azərbaycan və Koreya rəqəmsal bankçılığın inkişafı ilə bağlı Anlaşma Memorandumu imzalayıb

15:32 - 26.11.2025


26 noyabr, Fineko/abc.az. "Azərbaycan Banklar Assosiasiyası" (ABA) İctimai Birliyi və Koreya Banklar Federasiyası (KFB) arasında bank sektorunda əməkdaşlığın genişləndirilməsinə dair Anlaşma Memorandumu imzalanıb.

ABC.AZ ABA-ya istinadən xəbər verir ki,  bu gündən başlayaraq noyabrın 28-nə qədər ABA-nın nümayəndə heyəti Koreyada səfərdə olacaq. Səfər çərçivəsində Koreyanın aparıcı maliyyə qurumları ilə görüşlərin keçirilməsi nəzərdə tutulub.

Səfərin ilk günü ABA prezidenti Zakir Nuriyev və KFB sədri Cho Yong-byoung bank sektorunda əməkdaşlığın genişləndirilməsinə dair Anlaşma Memorandumu imzalayıb. İmzalanma mərasimində ABA-nın icraçı direktoru Yunus Abdulov və Azərbaycan Mərkəzi Bankından nümayəndə də iştirak edib.

Sənəd bankçılıq sahəsində institusional tərəfdaşlığın gücləndirilməsini, qabaqcıl beynəlxalq təcrübə və informasiya mübadiləsinin genişləndirilməsini, rəqəmsal bankçılıq, FinTex və innovativ maliyyə texnologiyaları üzrə birgə təşəbbüslərin təşkili, eləcə də bank sektorunda qlobal təcrübələrin öyrənilməsi və ekspert mübadiləsini nəzərdə tutur. Sənəd tərəflər arasında birgə layihələrin icrası, təlim və seminarların təşkili, həmçinin qarşılıqlı əməkdaşlığın daha sistemli şəkildə həyata keçirilməsi üçün yeni imkanlar yaradır.