Azərbaycan IFC-yə qoşulduğu tarixdən indiyədək 60 layihə həyata keçirilib

14:11 - 20.11.2025


20 noyabr, Fineko/abc.az. Beynəlxalq Maliyyə Korporasiyası (IFC) Azərbaycanda əməkdaşlığın daha da genişlənməsini gözləyir və ölkənin prioritet inkişaf istiqamətlərini dəstəkləməyə hazırdır.

ABC.AZ xəbər verir ki, bu barədə IFC-nin Qərbi Balkanlar və Cənubi Qafqaz üzrə direktoru Vibke Şlömer sosial şəbəkələrdəki paylaşımında bildirib.

Onun sözlərinə görə, IFC artıq 30 ildir ki, Azərbaycanın inkişaf yolunu dəstəkləyir.

"Azərbaycanın IFC-yə qoşulduğu 1995-ci ildən etibarən maliyyə xidmətləri, infrastruktur, sənaye və aqrar biznes sahələrində təxminən 60 layihə həyata keçirilib. Eyni zamanda, bizim məsləhətçi fəaliyyətimiz biznes mühitinin gücləndirilməsinə, maliyyə sektorunun dəstəklənməsinə, korporativ idarəetmənin təkmilləşdirilməsinə və kiçik və orta biznes üçün imkanların genişləndirilməsinə töhfə verib", - o qeyd edib. ©Report