Ölkədaxili ödəniş əməliyyatlarının məbləği 9 ayda 72,2 milyard manat olub

16:19 - 19.11.2025


19 noyabr, Fineko/abc.az. Bu ilin 9 ayında ödəniş kartları ilə ölkədaxili ödəniş əməliyyatlarının məbləği 72,2 milyard manat təşkil edib ki, bu da 1 il əvvələ nisbətən 29,1 % çoxdur.

ABC.AZ xəbər verir ki, bunu "Azərbaycan Banklar Assosiasiyası" (ABA) İctimai Birliyinin sədri Zakir Nuriyev rəhbərlik etdiyi qurumun "Mastercard" beynəlxalq kart təşkilatı ilə əməkdaşlığı çərçivəsində Bakıda keçirilən IX Beynəlxalq Bankçılıq Forumunda bildirib.

Onun sözlərinə görə, bu sürətli artım nağdsız ödənişlərin ümumi ödənişlərdəki payını da 4 faiz bəndi yüksəldərək 67,4 %-ə çatdırıb.

"ABA olaraq rəqəmsal ödəniş ekosisteminin gələcək inkişaf perspektivləri və təhlükəsiz fəaliyyətinin təmin edilməsi istiqamətində zəruri hesab etdiyimiz islahatlara dair fikirlərimizi son dövrlərdə fərqli platformalarda səsləndirməyə davam edirik. Növbəti strateji dövrdə nəzdində innovasiya habının yaradılması, rəqəmsal bankçılıq üzrə yeni nəsil qanunvericilik bazasının qəbul edilməsi, ödəniş xidmətləri və ödəniş sistemləri sahəsində qanunvericilik bazasının mövcud reallıqlar və inkişaf tendensiyası nəzərə alınaraq təkmilləşdirilməsi, habelə "sandbox" rejimində tətbiq edilən nəzarət çərçivəsinin bir qədər yumşaldılması həyata keçirilməsini gözlədiyimiz islahatlardandır", - deyə o qeyd edib.