10:35 - 31.07.2025
31 iyul, Fineko/abc.az. Azərbaycana əyləncə üçün gələn turistlərdə Rusiyanın payı son bir ildə 29 faizdən 22 faizə düşüb.
ABC.AZ xəbər verir ki, Hindistan ictimaiyyətində Azərbaycana qarşı başlayan boykot çağırışları da turist axınında azalmaya səbəb olub.
Sosial mediada yayılan “#BoycottAzerbaijan” həştəqi ilə müşayiət olunan kampaniyalar, Azərbaycanın Pakistanla yaxın münasibətləri və Kəşmir məsələsində İslamabadı dəstəkləməsi fonunda formalaşıb.
Əlavə olaraq, Hindistanın məşhur turizm platformaları olan “MakeMyTrip”, “EaseMyTrip” və “ixigo” Azərbaycanın turizm təkliflərini dayandırıb və reklam kampaniyalarını ləğv ediblər. “Times of India” və “Reuters” bu qərarların səbəbi kimi ictimai təzyiqləri və milli maraqları göstərib.
Ölkənin turist axınını təmin edən bu ölkələrin əvəzində isə bir sıra ölkələrdən istirahət və əyləncə məqsədi ilə səyahət edən turistlər çoxalıb. Qazaxısatandan gələn turistlərin sayı illik 31 faiz artımla 25 min, İsraildən 59.3% artımla 13 min, Türkiyədən isə 8% artımla 48 min nəfərə yüksəlib. Artım siyahısında digər Orta Asiya ölkələri və Şərqi Avropa ölkələri var.
Ölkəyə gələn turistlər ümumilikdə Azərbaycanda 1 milyard 539.8 milyon manatlıq xərc çəkiblər ki, bunun da 711.7 milyon manatı nəqliyyat (böyük hissəsi hava) üzrə xərclər təşkil edib. Bununla belə, turistlərin ölkədəki xərclərinin həcmi illik 1.9 faiz azalmış olub. Göründüyü kimi Hindistan və Rusiyadan turistlərin səfərindəki azalmanın xərclərdəki bir hissəsini digər ölkələrdən gələnlər kompensasiya edə bilib.
8 Avqust 2026
8 Avqust 2026