“Azərbaycan İstilik Elektrik Stansiyası” MMC-nin zərəri daha da artıb

10:47 - 2.05.2025


2 may, Fineko/abc.az. “Azərenerji” ASC-nin və eləcə də Qafqazın ən iri elektrik stansiyası “Azərbaycan İstilik Elektrik Stansiyası” MMC 2024-cü ildə gəlirlərin düşməsi səbəbindən zərəri bir qədər də artıb.

ABC.AZ maliyyə hesabatına istinadən xəbər verir ki, “Azərbaycan” İES keçən ildə 214.6 milyon manat həcmində enerji satışı həyata keçirə bilib. 2023-cü ildə satışların 239.9 mln. manat olduğunu nəzərə alsaq, İES-in satışları 10.5 faiz azalmış olur.

Elektrik satışları düşdüyündən keçən il cəmi 148.5 mln. manatlıq yanacağa daha az xərc çəkib. Bununla belə İES-in əsas xərc maddəsi olaraq qalır. Yanacaq xərcləri satışlarla müqayisədə daha çox azalıb. Bu xərclər 15 faiz üzərindədir.

Bununla belə, amortizasiya xərcləri 47.24 mln. manata, işçilərə verilən əməkhaqqı xərcləri isə 8.62 mln. manata qalxıb.

Beləliklə, keçən ili 4.2 mln. manata yaxın xalis zərərlə bitirib. Zərərin həcmi 2023-cü ildə 2.32 mln. manat idi. Halbuki, 2021 və 2022-ci illərdə müvafiq olaraq 8.32 mln. və 4.33 mln. manat xalis mənfəət əldə etmişdi.

Bu xərcdən sonra “Azərbaycan” İES-in kapitalındakı bölüşdürülməmiş mənfəət yenidən azalaraq 82.43 mln. manata düşüb.