Türkiyədə inşa olunan “Akkuyu” AES 9 bal gücündə zəlzələyə davam gətirəcək

10:59 - 25.04.2025


25 aprel, Fineko/abc.az. Türkiyədə tikilən “Akkuyu” Atom Elektrik Stansiyası güclü zəlzələ və sunamiyə davamlı olacaq.

ABC.AZ xəbər verir ki, bu barədə Rusiyanın “Rosatom” dövlət şirkətinin nümayəndələri 25 aprel tarixində verdikləri müsahibədə bildiriblər.

“‘Akkuyu’ AES-in layihəsi MSK-64 şkalası üzrə 9 bala qədər hesablanan maksimal gücdə zəlzələyə uyğun hazırlanıb. Stansiya elə layihələndirilib ki, zəlzələlər, daşqınlar, sunami, qasırğalar və onların birgə təsirlərinə davam gətirə bilsin”, – deyə nümayəndələr qeyd ediblər.

Həmçinin bildirilib ki, stansiya ən təhlükəsiz seysmik zonada inşa olunur. Bu fakt Türkiyənin Fövqəladə Halların Qarşısının Alınması və Təsiri Azaltma İdarəsi (AFAD) tərəfindən təsdiqlənib.