15:52 - 4.04.2025
4 aprel, Fineko/abc.az. Qazaxıstan Özbəkistan və Azərbaycanla birlikdə "yaşıl enerji”nin Avropa İttifaqı (Aİ) bazarına ötürülməsi üçün Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizinin tikintisi ilə bağlı irimiqyaslı layihə üzərində işə başlayır.
ABC.AZ Report-a istinadla xəbər verir ki, məlumatına görə, bunu Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev "Mərkəzi Asiya – Avropa İttifaqı" sammitində çıxışı zamanı bildirib.
K.Tokayev ölkəsinin Avropanın etibarlı karbohidrogen təchizatçısı olaraq qaldığını bildirib. "Avropa İttifaqının bütün neft idxalının təxminən 13 %-i ölkəmizin payına düşür ki, bunun da əsas hissəsi Xəzər Boru Kəməri Konsorsiumu vasitəsilə nəql edilir. Biz Aİ-nin bu konsorsiumun sabit və uzunmüddətli fəaliyyətinin təmin edilməsinə yönəlmiş dəstəyini yüksək qiymətləndirir və eyni zamanda xammalın nəqli üçün alternativ marşrutları inkişaf etdiririk", - o qeyd edib.
Prezident vurğulayıb ki, Qazaxıstan bərpa olunan enerji və ekoloji təmiz yanacaq sahəsində mühüm layihələr həyata keçirir, külək və günəş enerjisi güclərini artırır.
"Biz həmçinin çoxdankı tərəfdaşlarımız olan “Total”, “Eni”, “Svevind” və digər Avropa şirkətləri ilə birlikdə "yaşıl hidrogen” istehsalı ilə bağlı layihələri inkişaf etdiririk. Bundan başqa, Qazaxıstan Özbəkistan və Azərbaycanla birgə "yaşıl enerji”nin Xəzər dənizi vasitəsilə Avropa bazarlarına ötürülməsi xəttinin tikintisi ilə bağlı irimiqyaslı layihə üzərində işə başlayır", - K.Tokayev bildirib. (Report)
11 Avqust 2026
10 Avqust 2026
10 Avqust 2026