Azərbaycan ABŞ-a ən çox bu məhsulları ixrac edib

15:02 - 3.04.2025


3 aprel, Fineko/abc.az. Xəbər verdiyimiz kimi, Vaşinqtonun tarifləri Azərbaycanın ABŞ-yə ixracına ciddi təsir göstərməsi ilə bağlı deputat Vüqar Bayramov şərh verib.

ABC.AZ xəbər gerir ki, o bunun artım tempini zəiflədə biləcəyini bildirib. Daha sonra isə deputat qeyd edib:

"2024-cü ildə Azərbaycan ABŞ-yə müxtəlif məhsullar ixrac edib. Bunlara 6 milyon 508 min dollarlıq polimer materiallar, 593 min dollarlıq heyvan bağırsaqları, 410 min dollarlıq tropik və digər meyvə şirələri, 279 min dollarlıq nərə balığı kürüsü, 242 min dollarlıq saflaşdırılmamış zeytun yağı, 177 min dollarlıq meyvə mürəbbələri və pastaları daxildir. Göründüyü kimi, Azərbaycanın ABŞ-yə qeyri-neft-qaz ixracı böyük həcm təşkil etməsə də, müxtəlif məhsul qrupları üzrə şaxələnib. Buna görə də yeni tariflər ixracımıza ciddi təsir göstərməsə də, ümumi artım dinamikasına təsir edə bilər. Tariflər əlavə xərc deməkdir və nəticədə ABŞ-yə ixracın artım tempinin azalması ehtimalı var. Lakin nəzərə almaq lazımdır ki, ixrac etdiyimiz məhsullar spesifik xarakter daşıyır və bazardakı mövqelərinə 10 %-lik tarifin təsiri minimal ola bilər. Ümumilikdə, yeni tariflər qlobal iqtisadiyyatda yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilə bilər”.