14:34 - 13.03.2025
13 mart, Fineko/abc.az. Təxminən 2080-ci ilə qədər tamamlanması planlaşdırılan The Line şəhərinin inşası üçün proqnozlaşdırılan kapital xərcləri 8,8 trilyon ABŞ dollarına yüksəlib. Bu, krallığın illik büdcəsindən 25 dəfə çoxdur.
ABC.AZ xəbər verir ki, bu barədə The Wall Street Journal nəşri bildirir.
Bundan əlavə, audit hesabatı göstərib ki, məmurlar şişirdilmiş layihə xərclərinin sübutlarını gizlətmək üçün rəqəmləri dəyişirlər.
İlkin layihə göydələnin səhradan 160 kilometr uzanacağını nəzərdə tuturdu, lakin bu plan dəyişdi. Hətta 2034-cü ilə qədər tamamlanmalı olan göydələnin birinci hissəsinin layihəsi yenidən nəzərdən keçirildi və uzunluğu 16 kilometrdən 2,4 kilometrə endirildi.
Bununla birlikdə, qənaət etmək üçün göydələnin planlaşdırılan hündürlüyünü azaltmaq üçün tövsiyələr vəliəhd və Səudiyyə Ərəbistanının baş naziri Məhəmməd ibn Salman əl-Səudun kəskin etirazına səbəb oldu.