Gələn il yaşayış minimumu 285 manat olacaq - Proqnoz

16:16 - 21.11.2024


21 noyabr, Fineko/abc.az. 2023-cü ildə yaşayış minimumu 246 manat, bu il 270 manat idi. 2025-ci ildə bu rəqəm 285 manat, 2026-cı ildə isə 300 manat olacağı proqnozlaşdırılır.

ABC.AZ xəbər verir ki, bunu Milli Məclisdə iclas zamanı İqtisadiyyat Nazirliyinin Dayanıqlı İnkişaf və sosial siyasət şöbəsinin müdiri Hüseyn Hüseynov deyib.

O bildirib ki, bu artımlar hər il ardıcıl olaraq 16-20 manat olaraq davam edəcək: “2023-cü ildə pensiyaçılar üçün yaşayış minimumu 199 manat olub, 2028-ci ildə bu rəqəmin 260 manata çatdırılması gözlənilir. Uşaqlar üçün yaşayış minimumu gələn il 246 manata çatdırılacaq. 2026-2028-ci illər üçün proqnozlar növbəti illərin inflyasiya göstəricilərinə uyğun yenidən nəzərdən keçiriləcək.

2023-cü ildə 345 manat olan minimum əməkhaqqı 2024-cü ildə də saxlanmışdı. Gələn il isə minimum əməkhaqqının 400 manat olması proqnozlaşdırılır. Ölkə üzrə yaşayış minimumunun əməkhaqqına nisbəti 120 %-in üzərindədir”.