Vidadi Zeynalovun oğluna stop qoyuldu

17:29 - 15.09.2026


15 sentyabr, Fineko/abc.az. Keçmiş Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sabiq aparat rəhbəri Vidadi Zeynalovun oğlu Zeynal Zeynallının ölkədən çıxışına məhdudiyyət qoyulub.

Buna səbəb onun qanuni təmsilçisi olduğu "Fərid-R" çoxsahəli istehsalat firmasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə 38 765,99 manat vergi borcunun yaranmasıdır.

Borcun ödənilməməsi səbəbindən vergi orqanı məhkəməyə müraciət edib və məhkəmə qərarı ilə 1994-cü il təvəllüdlü Zeynal Zeynallının ölkədən getmək hüququ vergi öhdəliyi tam yerinə yetirilənədək müvəqqəti məhdudlaşdırılıb.

Qeyd edək ki, "Fərid-R" firmasının adı keçmiş nazirlik rəsmilərinin, o cümlədən Vidadi Zeynalovun müqəssir bilindiyi 2016–2017-ci illərdəki səs-küylü korrupsiya cinayəti işində də dövlət satınalmalarının tender qalibi və podratçı müəssisələrindən biri kimi keçib.