Azərbaycanda ən çox tələbat olan iki ərzaq yenə bahalaşdı

14:54 - 30.09.2024


30 sentyabr, Fineko/abc.az. Azərbaycanda son bir ayda qida təyinatlı heyvandarlıq məhsullarının qiymətində nəzərəçarpacaq artım müşahidə edilir.

ABC.AZ xəbər verir ki, qiymət artımı mal və qoyun ətində, toyuq əti və onun hissələrinin satışında, eləcə də kərə yağında baş verib.

Son bir ayda erkək dana ətinin bir kiloqramının pərakəndə satış qiyməti 14-14,5 manatdan 15,5-16 manata, quzu ətinin bir kiloqramının qiyməti 17-18 manatdan 19-20 manata, kərə yağının kiloqramının qiyməti 18-19 manatdan 20-22 manata, toyuq ətinin qiyməti isə 5-5,9 manatdan 6-6,3 manata qədər yüksəlib.

Əsas heyvandarlıq məhsullarından olan süd və süd məhsullarının qiymətində isə hələlik nəzərəçarpan artım yoxdur. Bahalaşan qida məhsullarının qiymətinin artmasının əsas səbəbi Azərbaycanda yem qiymətlərinin yüksəlməsi və idxal bazarlarında qiymətlərin bir qədər artması ilə bağlıdır.

Mal və qoyun yemləri arasında ən çox istifadə ediləni yoncadır. Son bir ay-ayyarımda yonca bağlamalarının qiyməti təxminən 50 faiz artıb. Əvvəllər 3 manata satılan yonca bağlamasının dəyəri hazırda 4,5 manata təklif edilir. Əsas yem məhsulunun bahalaşması mal və qoyun bəsləyənlərin xərclərində ciddi artıma səbəb olub. Buna görə də heyvan bazarlarında topdan satış qiymətləri artırılıb.

Topdan satış qiymətlərinin artırılması isə öz növbəsində pərakəndə satış qiymətlərində də artıma əsas yaradıb. Mal və qoyun ətinin bahalaşması toyuq ətinin qiymətinə də təsir edib. Adətən mal ətinin qiyməti yüksəldikdə əhali toyuq ətinin istehlakını artırır ki, bu da bazarda əlavə tələb yaradır. Buna görə də oyuq ətinin qiymətində də oxşar dəyişiklik baş verir.

Ət qiymətlərinin yüksəlməsinə idxal bazarlarındakı qiymətlər də təsir edir. 2024-cü ilin yanvarında Azərbaycana idxal edilən ətin bir kiloqramının orta qiyməti 1,92 dollar (3,26 manat) olduğu halda, avqustda 2,2 dolları (3,74 manat) ötüb. Bu qiymətlərə mal, qoyun, toyuq ətinin orta qiyməti daxildir.

İdxal edilən kərə yağının qiymətində də son aylarda artım hiss olunur. İlin əvvəlində 5,3 dollara (9 manat) idxal edilən kərə yağı son aylarda 6 dollara (10,2 manat) idxal edilib. Qiymət artımları əlbəttə ki, arzuedilən deyil. Çünki mal, qoyun, toyuq ətlərinin və kərə yağının bahalaşması əhalinin ərzaq xərclərində ciddi artımla nəticələnəcək. (Sfera)