“Azersky” peyki 45 milyon manat məbləğində sığorta alacaq

15:38 - 20.04.2023


20 aprel, Fineko/abc.az. Kosmik Agentliyin (“Azərkosmos”) istismar etdiyi “Azersky” – Yerin məsafədən müşahidə peyki dizayn edilmiş istismar müddətindən 1 il daha tez, yəni fəaliyyətinin 9-cu ilində missiyasını başa çatdırıb.

ABC.AZ Agentliyə istinadən xəbər verir ki, peyklə məlumat mübadiləsi dayanıb.

“Azərkosmos” və peykin istehsalçısı əlaqənin bərpa olunması istiqamətində tədbirlər görsə də, bu, mümkün olmayıb.
“Azersky” peyki 45 milyon manat məbləğində sığortalanıb və artıq sığorta məbləğinin alınması işlərinə başlanılıb.
Orbitdə olduğu müddətdə Azersky peykindən yarım petabayt həcmində, 80 000-dən çox peyk təsviri yüklənib. Azərkosmosda peyk təsvirlərinin geniş arxivi formalaşıb ki, peykin arxiv təsvirlərinin Yerdə baş verən dəyişikliklərin təhlili və proqnozlaşdırması, o cümlədən elmi tədqiqatlar baxımından əvəzsiz rolu var. “Azersky” layihəsi çərçivəsində ölkəmizdə quraşdırılmış yerüstü infrastruktur və anten sistemləri həm növbəti peyk layihələrində istifadə baxımından, həm də müxtəlif xarici peyk operatorlarının anten ehtiyaclarını kommersiya şərtləri ilə ödəmək baxımından faydalı olacaq.